“Şahdağ” Avrasiya Dağ Kurortları Festivalına ev sahibliyi edəcək

Rusiyanın Roza Xutor Kurortunda ilk dəfə olaraq Avrasiya Dağ Kurortları Festivalı təşkil olunub.


Soçi şəhərində keçirilən tədbirə 9 ölkənin kurort sənayesinin 150 nümayəndəsi qatılıb. Tədbirdə “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstən Nəcəfovun rəhbərlik etdiyi nümayandə heyəti də iştirak edib. Festival çərçivəsində Şahdağ xizəkçiləri yamaclarda maraqlı şou sərgiləyib və müxtəlif fəndlər nümayiş etdiriblər. 
Festivalın keçirilməsinin əsas məqsədi Avrasiya ölkələrinin xizək sənayesinin mütəxəssislərini bir araya toplamaq, peşəkar müzakirələr, mədəni və maarifləndirici tədbirlər keçirmək, tematik ustad dərsləri və kurortların təqdimatını təşkil etməkdir.


Müzakirələr zamanı Avrasiya ölkələrində dağ kurortlarının birgə inkişafına və beynəlxalq layihələrin təşkili üçün qanunvericilik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində 2025-ci ildə keçirilməsi nəzərdə tutulan növbəti festivalın  Azərbaycanda, “Şahdağ” Turizm Mərkəzində təşkili qərara alınıb və festivalın xüsusi bayrağı mərkəzin sədri Rüstəm Nəcəfova təqdim edilib.