“Şahdağ Turizm Mərkəzinin” kollektivi COVID-19 infeksiyasına qarşı peyvənd olunub.

Dövlət Turizm Agentliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Qusar rayonu Mərkəzi Xəstəxanasının dəstəyi ilə “Şahdağ Turizm Mərkəzinin” kollektivinin peyvəndlənməsi prosesi başlayıb. Şirkət əməkdaşları ilkin tibbi yoxlanışdan sonra kompleksin daxilində olan klinikada xüsusi səyyar briqada tərəfindən vaksinlərin birinci dozasını qəbul etdilər. Vaksinasiyada Çinin “Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndi istifadə olundu. 

Vaksinasiyanın əhəmiyyətini vurğulayan Şahdağ Turizm Mərkəzi QSC-nin İdarə Heyətinin sədri Səid Salayev bildirib ki, turizm və qonaqpərvərlik sahəsində çalışan insanların peyvəndlənməsi prosesi bu sektorun canlanmasına və vətəndaşların daxili turizmin imkanlarından inamla faydalanmalarına kömək edəcək. 

“Şahdağ Turizm Mərkəzi” COVID-19 infeksiyasının yayılma riskini minimuma endirmək üçün ilk gündən etibarən zəruri tədbirləri görmüş və Dövlət Turizm Agentliyinin “SAHMAN” nişanını əldə edən ilk müəssisələrdən olmuşdur. Otel otaqları, əyləncə avadanlıqları, restoran və sağlamlıq mərkəzi “SAHMAN” proqramının tələblərinə müvafiq olaraq dezinfeksiya edilməkdədir. Qonaqların rahatlığı və təhlükəsizliyi üçün kompleksin hər yerində dezinfeksiya məhlulları və tibbi maskalar yerləşdirilmişdir. 

Vaksinasiya prosesinin yüksək səviyyədə təşkilinə görə kollektivimiz adından Dövlət Turizm Agentliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Qusar Rayon Mərkəzi Xəstəxanasına təşəkkür edirik.

2009-cu ildə təməli qoyulan Şahdağ Turizm Mərkəzi Qusar rayonunda, Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Mərkəz ölkənin ilk dağ kurortu və ən böyük turizm obyektidir. Ərazisində üçü 5, biri isə 4 ulduzlu olmaqla dörd otel, 20-ə yaxın kanat xətti, restoranlar, idman əyəncələri, kinoteatr, gecə klubu, oyun zalları və qonaqların istirahətinin maraqlı keçməsi üçün müxtəlif bölmələr mövcuddur.



Ətraflı məlumat üçün:


Web: www.shahdag.az

Email: [email protected]

Tel: 012 1110