Ana səhifə
Ölkənin şimal-şərqində, Şahdağın ətəyində yerləşən Qusar rayonu – nəinki Azərbaycanın, bütün Qafqazın ən gözəl guşələrindən biridir. Sıldırımlı dar dərələri, nadir kölgəlikləri, heyranedici yüksək dağ gölləri və şəlalələri, mürəkkəb quruluşa malik massivləri, əlçatmaz aşırımları, Qafqaz dağlarının buzlaqlarına bürünmüş dağları və meşələri ilə zəngin xüsusi rəngarəng təbiətə malikdir. Rayonun ərazisi sanki, Avropa ilə Yaxın Şərqi bir-birinə bağlayan bəndi təşkil edir.
Qusar rayonu - respublikanın özünəməxsus qapısı hesab edilir. Hələ keçmiş dövrdə rayonun ərazisi mühüm ticarət yollarının qovşağında sərfəli mövqe tuturdu.
Rayonun zəngin və rəngarəng təbiəti, büllur kimi şəffaf havası, münasib iqlimi (qış aylarında havanın temperaturu mənfi 20-22 dərəcəyədək enir, yay aylarında isə axşam müsbət 20 dərəcədən artıq yüksəlmir), özünəməxsus mədəniyyəti – bütün bu göstəricilər burada müasir, ən yüksək dünya standartlarına uyğun turizm kompleksinin yaradılması və inkişafı üçün əsasdır.
2006-cı ildən Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksinin yaradılması üzrə işlər aparılır. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2008-ci il tarixli 116 №-li qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti yaradılmışdır.
Kompleksin birinci mərhələsinin açılışı 2012-ci ilə planlaşdırılır. Artıq bu ildə, "Şahdag" qış-yay turizm kompleksi qonaqlara öz qapılarını açacaq və 430-a qədər turisti qəbul edə biləcək.
Qonaqlar 4 ulduzlu 5 mərtəbəli, yüksək səviyyədə tikilmiş mehmanxanada yerləşə biləcəklər. Burada rahat standart, lyuks və yarım lyuks nömrələrdən əlavə, qonaqlara hər zövqə uyğun kafe, bar və restoranlar, hovuzlu spa mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, turistlərin xizəkdə sürüşmək təlimi üçün xizək məktəbi və xizək avadanlığının kirayəsi, avtomobil üçün rahat yeraltı dayanacaq təklif ediləcək.
Həmçinin, kompleksdə 2-3 gün istirahət etmək istəyən turistlər üçün yaşayış nömrələri olan Lift bazasının binası fəaliyyət göstərəcək. Burada tibbi mərkəz ,xizək məktəbi və xizək avadanlığının kirayəsi, kafe, restoranlar, barlar, inzibati və xidməti obyektlər yerləşəcək. Həmçinin burada kanat yollarına biletlərin satış məntəqəsi və yeraltı dayanacaq yerləşəcək.
"Şahdağın" ilk qonaqları bu unikal guşənin bütün gözəlliklərindən zövq ala, xizəklərdə və kirşədə sürüşə biləcəklər. Burada turistlər şəhər təlaşından və böyük şəhərin səslərindən istirahət edə biləcəklər və əksinə səs-küylü şənliyin həvəskarları musiqi və əyləncə dünyasına atıla biləcəklər. "Şahdağ" öz qonaqlarına unudulmaz istirahəti təklif edəcək və hər kəs öz zövqünə görə məşğuliyyət tapacaq!